Ermənilərin dağıtdığı sayt bərpa edildi - ADQ
FƏALİYYƏT » İNFORMASİYA XİDMƏTİ

Ermənilərin dağıtdığı sayt bərpa edildi - ADQ

Haker hücumları ilə sıradan çıxarılan Azərbaycan Dil Qurumunun saytı “Adq.az” öz fəaliyyətini bərpa edib.   “Axar.az”a bu barədə saytın tərtibatçısı və proqram təminatçısı Sədaqət Nəcəfzadə məlumat verib.   S.Nəcəfzadə bildirib ki, sayt öz fəaliyyətini bərpa etdikdən – daha doğrusu, az qala tamamilə yenidən qurulduqdan sonra texniki mühafizə daha da gücləndirilib və saytın haker hücumlarından qorunması təkmilləşdirilib: “Təbii ki, haker hücumundan heç bir sayt sığortalanmayıb. Amma indi hətta ən ciddi hücumda da saytın tamamilə dağıdılması mümkün olmayacaq”.   Qeyd edək ki, Dil Qurumunun saytında Azərbaycan dilinin orfoqrafiya lüğəti yeni proqramlaşdırma ilə axtarış sistemində oxuculara xidmət edir. Həmçinin terminoloji lüğətlər, izahlı lüğət və s. istifadə etmək üçün əlçatan vəziyyətdədir.   Hazırda Azərbaycan dilinin izahlı lüğətinin axtarış sistemində proqramlaşdırılması prosesi davam edir.   Xatırladaq ki, Azərbaycan dilinin yazı qaydaları və normalarının təbliği, yad dillərin mənfi təsirindən qorunması və təbii inkişafına xidmət edən adq.az saytı bir neçə gün əvvəl erməni hakerlər tərəfindən dağıdılmış və bazası tamamilə məhv edilmişdi. 

11-1-2014