Banuçiçək, yoxsa Kleopatra?
MEDİADA » AÇIQLAMALAR

Banuçiçək, yoxsa Kleopatra?

 “-Qızım, “Alov” şirniyyat mağazası hansı tərəfdədir?
-“Alov?” Axı burada elə mağaza yoxdur...
Bu şirniyyat mağazasının adı “I love”dır...”
Paytaxtda bu səbəbə görə axtardığı yeri tapmayanlar çoxdur. Mağaza, restoran və şadlıq evlərinin adlarının kütləvi şəkildə xariciləşməsi, bu dili bilməyənlər üçün ciddi bir problem yaradıb. Bakı sanki azərbaycanlıların deyil, ingilislərin yaşadığı bir şəhəri xatırladır. Azərbaycanda yerli sahibkarların şirkət və firmalarına xarici adlar qoyması kütləvi hal alıb. Bu insanlara problem yaratdığı kimi, dil normalarını da ciddi surətdə pozur. “Dil haqqında” qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır. Lakin Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərə məxsus firma adları, çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir. Bununla bağlı Dil Qurumu İctimai Birliyi nazirliyə müraciət edib.
Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, brendə çevrilən firmaların adlarının olduğu kimi saxlanılması qəbul olunsa da, onların Azərbaycan dilindəki qarşılığının yazılması önəmlidir. Millət vəkili deyir: “Nə üçün biz qadın ayaqqabıları yaza bildiyimiz halda, “women shoes” yazırıq, bunu anlamıram!”
“Azərbaycan dilində ifadəsi mümkün olan sözlərin əcnəbilərlə əvəzlənməsi qəbulolunmazdır. Beynəlxalq söz olduğunu əsaslandıraraq, bir çox əcnəbi sözləri dilimizə daxil ediblər. Məsələn, artıq yanacaq yox, petrol işlədirik. Amma bu bəhanələrlə dilimizi zibilliyə bilmərik. Sovetin əsarəti zamanı, yazıların rus dilində olması məcburi idi. İndi isə nə baş verdiyini anlamaq olmur. Axı biz müstəqil dövlətik. Böyük Britaniyanın tabeliyində deyilik ki, hər bir yazının mütləq ingilis dilində qarşılığını yazırıq. Bəzi məqamlar var ki, orada sözlərin ingilis dilində qarşılığının yazılması normaldır. Amma bunu kütləviləşdirməklə, ingilis dilinə ikinci dil statusu vermişik”.
Millət vəkili həmçinin kütləvi informasiya vasitələri və şadlıq evlərinin də ad məsələsinə toxundu: “Xarici ölkələrdə kimliyi bəlli olmayan nə qədər qadın var, hamısının adına şadlıq evi tikilib. Bu mənəviyyatsızlığın kökündə nə durur, anlamaq mümkün deyil. Bu gün paytaxtda fəaliyyət göstərən müəssisələrin yalnız 8-10 %-i Azərbaycan dili qaydalarına uyğundur. Qalanları normaları pozur, Azərbaycan dilinə qarşı böyük hörmətsizlik edirlər. Bu məsələ ciddi surətdə araşdırılmalıdır.
Vaxtilə qeydiyyatdan keçmiş qəzet, televiziya adlarında da əcnəbi adlara meyil olub. Bu adlar qəbul olunarkən, onlara qarşı mübarizə aparmışıq. Artıq KİV adlarında bu istiqamətə meyil azalıb. Məsələ ilə bağlı, prezident də sərəncam imzalayıb, amma müşahidələr göstərir ki, bu da problemə təsir etməyib. Düşünürəm ki, bu təkcə bir qurumun işi deyil, hər bir vətəndaş bu məsələdə diqqətli olmalıdır”.
Birpəncərə sistemi tətbiq olunduqdan sonra, bütün sahibkarlıq obyektləri Vergilər nazirliyində qeydiyyatdan keçdiyindən, ad məsələsində də cavabdeh qurum funksiyasını daşıyır. Bəs nazirlik bu məsələdə sahibkarlara qarşı hansı məhdudiyyətləri tətbiq edir?
Nazirlikdən bildirdilər ki, qanuna əsasən, hüquqi şəxs qeydiyyatdan keçərkən adların unifikasiyasına diqqət edilir: “Eyni adda hüquqi şəxs varsa, ikinci dəfə həmin adda hüquqi şəxs yaradıla bilməz. Bundan başqa “Dövlət dili haqqında” qanunun tələblərinə əməl olunur. Adların latın qrafikalı Azərbaycan dilində olmasına önəm verilir. Əgər sənədlərdə hər hansı çatışmazlıq varsa, qeydiyyat qəbul olunmur, bura dövlət dili qaydaları da daxildir. Əcnəbi adlarda fəaliyyət göstərən firmalar isə xarici şirkətlərin Azərbaycandakı filiallarıdır. Onların adı dəyişdirilmir, sadəcə latın qrafikası ilə yazılır”.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə xarici adlara marağın çox olmasını qanunvericilikdəki boşluqlar və raqabətsizlik mühiti ilə əlaqələndirdi: “Xarici adların bu qədər çox olmasının əsas səbəblərindən biri, bunun vahid mərkəzdən idarə olunmamasıdır. Buna görə dövlət tərəfindən konkret qərar qəbul edilməlidir. “Dil haqqında qanun”da bu məsələ qeyd olunsa da, “Reklam haqqında qanun”da dillə bağlı məsələ əks olunmayıb. Bu qaydaları pozanların cəzalandırılması üçün mexanizm işlənib hazırlanmalıdır. Bundan başqa həm dövlət, həm də ictimai qurum funksiyası daşıyan yeni bir qurum yaradılmalıdır”.
H.Atakişiyev şirkətlərin milli adlara marağının artması üçün xarici bazarlara çıxmağımızı və rəqabət mühitinin formalaşmasını vacib hesab edir: “Ümumdünya Ticarət Təşkilatına üzv olsaq, şirkətlər arasında rəqabət mühiti formalaşacaq. Dünya rəqabət bazarında brendin kreativinin milli dildə olması çox önəmlidir. Bunun üçün də xırda inhisardan uzaqlaşıb, qloballaşmaya meyillənməliyik. ÜTT-a üzv olmalıyıq ki, məhsullarımız xarici bazara öz brendi, kreativi ilə çıxa bilsin”.

www.publika.az

 

30-8-2012