Mətbuatda xeyli irəliləyiş var
MEDİADA » AÇIQLAMALAR

Mətbuatda xeyli irəliləyiş var

Sözlərin yazılışından, alınma sözlərin istifadəsindən tutmuş, üslubi səhvlərə qədər hər şey müsbət mənada dəyişib
Azərbaycan Dil Qurumu İctimai Birliyi növbəti dəfə mətbuatın monitorinqinə başlayıb. İB mətbuat orqanlarında səhv axtarışına Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə sentyabrın 10-dan başlayıb. Qeyd edək ki, monitorinq 17 sentyabr 2012-ci il tarixinə qədər davam edəcək. və mütəxəssislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib. Monitorinqin nəticələrinə əsasən Azərbaycan dil normalarına əməletmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.
Monitorinq qrupunun fəaliyyəti ilə bağlı "Şərq"ə danışan Dil Qurumu İctimai Birliyinin icraçı direktoru Anar Niftəliyev hər şeyin qaydasında olduğunu və prosedurlara uyğun həyata keçirildiyini deyib:
- Monitorinqə ölkədə fəaliyyət göstərən gündəlik qəzetlərin əksəriyyətini yönləndirmişik. Amma biz mətbuatın monitorinqini müntəzəm olaraq 3 aydan bir keçirdiyimizə görə, çalışırıq təkrara yol verməyək. Bu yolla hansısa mətbuat orqanının diqqətimizdən qaçmasının da qarşısını almağa çalışırıq. Misal üçün, əvvəl "525-ci qəzet"dəki səhvləri araşdırmışıqsa, bu dəfə "Şərq" qəzetini siyahıya saldıq. Budəfəki monitorinqin əvvəlkilərdən fərqi odur ki, biz ilk dəfə bir sıra informasiya portalları və saytları da monitorinqə cəlb etmişik. Təbii ki, monitorinqin gedişatı ilə bağlı dəqiq məlumat nəticələr çıxdıqdan sonra məlum olacaq. 4 gün ərzində apardığımız araşdırmalara əsasən ilkin rəy olaraq onu deyə bilərəm ki, mətbuatda xeyli irəliləyiş var. Bu da o deməkdir ki, Azərbaycan Dil Qurumunun keçirdiyi monitorinqlər öz bəhrəsini verib. Sözlərin yazılışından, alınma sözlərin istifadəsindən tutmuş, üslubi səhvlərə qədər hər şey müsbət mənada dəyişib. Düzdür, artıq mətbuatımızda kök salmış qüsurlar var ki, onlarla yenə də qarşılaşırıq. Həmin qüsurlar da monitorinqin nəticələrində xırda detallarına qədər qeyd olunacaq". Qəzetlərdə gedən texniki səhvləri monitorinq zamanı nəzərə almadıqlarını deyən icraçı direktorun sözlərinə görə, bu cür qüsurları aradan qaldırmaq mümkün olduğu üçün monitorinq qrupu daha çox, köklü, fundamental yanlışlıqlara diqqət verir: "Təbii ki, texniki xətalara da nəzər salırıq. Onlar da qrup üzvlərinin gözündən qaçmır. Monitorinqə salmasaq da, onları qəzet səhvi olaraq qeyd edirik".

“Şərq” qəzeti

14-9-2012