Azərbaycan Dil Qurumu media təmsilçilərinə irad tutdu
MEDİADA » AÇIQLAMALAR

Azərbaycan Dil Qurumu media təmsilçilərinə irad tutdu

Şair və publisist, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının başçılıq etdiyi Azərbaycan Dil Qurumu mətbuata müraciət ünvanlayıb. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Hörmətli media təmsilçiləri! Azərbaycan Dil Qurumu olaraq hər gün mətbuatda təkrarlanan nöqsanlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirik.
Xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, “The Washington Times”, “WikiLeaks”, “The Washington Post” və s. Adi məntiqlə özünüzə sual edə bilərsiniz: əgər əcnəbi adlar “orijinalda olduğu kimi” saxlanırsa, onda niyə “Əl-Cəzirə” ərəb, “Nezavisimaya qazeta” kirill, “Rustavi 2” gürcü və s. əlifbalarıyla yazılmır? Aydın görünür ki, “adı orijinalda olduğu kimi saxlamaq” yalnız ingilis dilinə şamil olunur və heç bir dil norması ilə tənzimlənmir.
Azərbaycan dilinin qrammatikası müasirlik prinsipinə əsaslanır və adlar canlı danışıqda necə işlədilirsə, o cür də yazılmalıdır. Yəni: “The Washington times” - “Vaşinqton tayms”;
“WikiLeaks” - “Vikiliks”; “The Washington Post” - “Vaşinqton Post” və s. kimi yazılmalı, dil normalarına riayət olunmalıdır.
Hörmətli mətbuat nümayəndələri! Bir daha sizləri diqqətli olmağa və ədəbi dil normalarını qorumağa çağırırıq”.

www.mediaforum.az, www.musavat.com, www.qafqazinfo.az

 

13-1-2011