«Mышка» ya nə deməliyik?”
MEDİADA » MÜSAHİBƏLƏR

«Mышка» ya nə deməliyik?”

 Kulis.az-ın qonağı Azərbaycan Dil Qurumunun icraçı direktoru Anar Niftəliyevdir.


- Azərbaycan Dil Qurumu nə zaman yaradılıb?

- Azərbaycan Dil Qurumu 2006-cı ildə Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə yaradılıb. Sabir bəy bütöv ömrünü həm də dil məsələsinə həsr etmiş adamdır. Onun hələ sovet dönəmində, dilimizə qarşı basqıların tüğyan etdiyi, Bakıda 200 məktəbdən 173-nün rus məktəbi olduğu vaxtlarda yazdığı “Sağ ol, ana dilim” şeiri dillər əzbəriydi. Yəni Sabir bəy milli varlığın siması olan ana dilinə qarşı həmişə çox həssas yanaşıb. Müstəqillik illərində də dil sahəsində çox böyük problemlərin olduğunu görüb, belə bir təşkilat yaratmağa qərar verdi. 2007-ci ildə Azərbaycan Dil Qurumu QHT kimi qeydiyyatdan keçdi.

- Əsas məqsədiniz nədir?

- Dilin saflığı, öz təbii imkanları hesabına genişlənməsi, yad təsirlərdən qorunması, dil normalarına və "Dil Qanunu"na riayət edilməsi və s. Əsas diqqəti mediaya ayırırıq. Çünki bütün dünyada media strukturları dilin zənginləşməyində, inkişafında öncül yeri tutur. Eyni zamanda, dil normalarının dağılmasında da öncül yeri media tutur. Medianın bir nizamla işləməyi dilin inkişafı deməkdir, amma nizamsızlığı dil normalarını məhv edir.

Doğrudur, dilçilik elmi dildə baş verən prosesləri qeydə almalı, onun inkişafını izləməlidir və normaları tənzimləməlidir. Ancaq Azərbaycanda media o qədər sürətlə inkişaf edir, dilə daxil olan alınma sözlər o qədər sürətlə artır ki, dilçilər bu prosesin tozuna da çata bilmirlər. Dilçilərin son illər gördükləri işlə maraqlananda bəlli olur ki, onlar da nəsə etməyə cəhd göstərirlər. Amma görülən işlərin ictimai təqdimatı yoxdur. Onlar ilk növbədə media ilə işləməlidirlər: terminlərin, xüsusi adların yazılması ilə bağlı tövsiyələrdən tutmuş Orfoqrafiya lüğətinin tərtibinə qədər çeviklik tələb edir. “Dil Qanun”unda nəzərdə tutulur ki, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir tərtib olunmalıdır. Hazırda dilin inkişaf dinamikası isə hətta ildə bir dəfə Orfoqrafiya lüğətinin tərtibinə ehtiyac yaradır. Bizdə isə Orfoqrafiya lüğəti 2004-cü ildə dərc olunub. Aradan 8 il keçməsinə baxmayaraq, yeni lüğət ictimaiyyətə təqdim edilməyib.

Bu, hələ üzdə olan ən adi problemdir. Bəs, məişətimizin artıq tərkib hissəsinə çevrilən avadanlıqlar? Onların gətirdiyi sözlər? Bununla bağlı Terminologiya Komissiyasının təklifləri varmı? Biz hələ də bilmirik ki, hər gün istifadə etdiyimiz, ingilis dilində "mouse" olan əşyanı necə adlandıraq və yazaq? Görürsünüz, ruslar artıq öz dillərinə uyğun "mışka" sözündən istifadə edirlər. Biz də başlamışıq "mışka" deməyə. Niyə? Avadanlığı yaradan ingilisdirsə, ya onun adlandırdığı kimi deməliyik, ya da qarşılığını tapmalıyıq. Bu problemi Terminologiya Komissiyası niyə həll etməyib indiyə qədər?

Mən yalnız bir sözü misal gətirdim. Belə problemlər həddindən artıqdır. Biz də bunların həllinə nail olmaq istəyirik.

- Son Orfoqrafiya lüğətini qənaətbəxş saymaq olarmı?

- 2004-cü ildə çıxan lüğətlə bağlı bir xeyli narazılığımız vardı. Məsələn, 90-cı illərin sonundan artıq mətbuat “kompüter” yazmağa başladı, ancaq son Orfoqrafiya lüğətində bu söz rus dili qəlibinə uyğun olaraq “kompyuter” kimi qeyd olundu. Bu siyahını artırmaq da olar. Hətta dilçi alimlərimiz, Orfoqrafiya lüğətinin tərtibçiləri də iradımızı qəbul etdilər və bu variantın yazılmasına tərəfdar olduqlarını bildirdilər. Ancaq yeni Orfoqrafiya lüğəti təqdim edilmədiyindən, biz məhz 2004-cü il nəşrinə uyğun yazmağa məcburuq- hətta onun səhv olduğunu bilsək də... Çünki ona tabe olmaqla Azərbaycan dilinin normalarına riayət edirik, eyni sözün bir neçə yazılış formasının meydana çıxmasının qarşısını alırıq.

- Xarici dildə olan xüsusi isimlərin yazılması qaydası ilə bağlı ziddiyyətli məqamlar var. Söhbət şəxs, qəzet, brend və s. adlardan gedir. Bəziləri adları orijinalda olduğu kimi yazır, bəziləri isə deyildiyi kimi. Əslində, nə cür yazılmalıdır? Bir də sırf türk adlarının azərbaycanca necə yazılması ilə bağlı məsələyə də aydınlıq gətirməyinizi xahiş edirik.

- Öncə Türk dili ilə bağlı məsələyə aydınlıq gətirək. Türk və Azərbaycanın dilləri qohum dillərdir. Buna baxmayaraq, bütün adlar və sözlər Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır. Bir prinsip götürülməlidir və qohumluq, qonşuluq fərqi qoyulmadan, bütün dillərdən keçən sözlərə, adlara tətbiq olunmalıdır.

Əsasən, dillərin qrammatikasının formalaşmasında tarixilik (tarixi qrammatika) və müasirlik (müasir qrammatika) prinsipindən istifadə edilir. Məsələn, ərəblər VII əsrdə necə danışıblarsa, “Quran” necə nazil olubsa, indi də cüzi fərqlərlə o cür yazırlar. Eyni prinsip ingilis dilində tətbiq olunur. Onlar XVI əsrdə Şekspir necə deyib və necə yazıbsa, o tarixiliyi saxlayıblar - baxmayaraq ki, indi heç də yazdıqları kimi danışmırlar. Amma Azərbaycanda müasir qrammatika əsas götürülüb. Bu o deməkdir ki, dil normalarını canlı danışıq nizamlayır. Tutaq ki, ingilis öz orfoqrafiya lüğətinin qayğısına qalmaya bilər, amma bizdə müasirlik prinsipi tətbiq olunduğuna görə daim dəyişikliklər edilməlidir. Məsələn, 1975-ci ildə buraxılan Orfoqrafiya lüğətində “odeyal” qeyd olunub; amma dilimiz bunu “adyal” kimi qəbul etdiyindən, 2004-cü il lüğətində çox doğru olaraq bu söz “adyal” olaraq təsdiqlənib...

- Gəlin nümunələrlə danışaq. Məsələn, Ahmet Kayanı necə yazmalıyıq?

- Ahmet Kaya demirik, Əhməd Qaya deyirik. Ona görə də Əhməd Qaya yazılmalıdır. Çünki bu adların azərbaycanca qarışığı var.

- Türkiyədə xarici adlar olduğu kimi yazılır. Bəs bizdə bu cür yazsaq, bunun hansı pis cəhəti ola bilər?

- Tutaq ki, müasirlik prinsipinə uyğun olmasa da, biz əcnəbi adları olduğu kimi yazmağı qəbul etdik. Bunun fəsadları nədən ibarət olacaq? Azərbaycan dilinin 32 hərfindən kənar hərflər meydana gələcək. Bu zaman “w” və sair hərflər, diftonqlar əlifbamıza əlavə olunmalıdır. Bu hələ sırf ingilis dili ilə bağlı problemdir. Sən əgər ingiliscə olan adları orijinalda olduğu kimi yazırsansa, dünyanın digər beynəlxalq - ərəb, rus, çin, fransız - dillərindən gələn adları da orijinaldakı kimi yazmalısan. Yəni heç ola bilməz ki, sən ingilis dilinə bir prinsiplə yanaşasan, başqa dillərə fərqli. Belə dil norması ola bilməz, axı! Onda belə çıxır ki, çincə olan bir adı biz heroqliflə yazmalıyıq? Gülməli vəziyyət alınar, dilin bütün normaları darmadağın olar. Ya gərək rəsmən açıqlayaq ki, biz ingilis dilinin, anqlosakson mədəniyyətinin dominantlığını qəbul edirik, bu dilin işğalı altındayıq və heç bir prinsip gözləmirik, ya da on illərdi formalaşmış ədəbi dil ənənəmizi qorumalıyıq.

Doğrudur, internet mediaya şərait yaradılmalıdır, çünki onun iş mexanizmi fərqlidir. Bunun da optimal yolları var: internet mediası - əgər əcnəbi mediaya istinad edirsə, onda bağlantı verməklə məsələni çözə bilər.

Yenə də təkrar edirəm, bütün əcnəbi adlar deyildiyi kimi yazılmalıdır, o cümlədən, ingilis dilindəki adlar transkitipsiyada necə oxunursa, eləcə.

- Bir məsələ də maraqlıdır. Məsələn, “The Washington Post” qəzetinin adını yazanda “the”ni yazmağa ehtiyac varmı?

- Xeyr, bu artikldır. “Vaşinqton post” kimi deyilməli və yazılmalıdır.

- İnsanlar əcnəbi adların oxunmasını, transkripsiyanı necə bilməlidir?

- Bunun 10 faiz günahı mediadadırsa, digər hissəsi dilçiliklə məşğul olan ziyalılarda və Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Terminologiya Komissiyasındadır. Hansısa bir adın 2 və 3 yazılış sayı meydana çıxırsa, Komissiya dərhal mətbuata bu adın əsl oxunma formasını açıqlamalıdır. Hər gün dilimizə yeni adlar gəlir. Onların borcu bu prosesi izləmək və dərhal reaksiya verməkdir. AMEA Dilçilik İnstitutu ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik və artıq müraciətimizi də göndərmişik. Bizə bildiriblər ki, geniş müzakirə keçirəndən sonra dilçilərin ümumi qənaətini açıqlayacaqlar. Sevinirik ki, ümumi rəy ortaya çıxacaq, amma təəssüflənirik ki, gərək bizim müraciətimizdən sonra bu toplantı olaydı? Dil normasını tənzimləyən əsas qurum problemlərin başdan aşdığını görmürmü?

- Azərbaycanda tərcümənin vəziyyəti haqda nə deyə bilərsiniz?

- Tərcüməçilik xüsusi istedad tələb edən sahədir. Yaxşı tərcüməçilərimiz var. Məsələn, Vilayət Quliyevi qeyd edə bilərəm. C. Oruelin “1984” və "Heyvanıstan"əsərlərini Vilayət Quliyevin tərcüməsində oxudum, çox gözəldi və ordan yeni sözlər öyrəndim. Vilayət müəllim dilin qatlarına enməyi bacarmışdı. Ancaq bu cür tərcüməçilərimiz azdır. Bəzən elə tərcümələrlə rastlaşırıq ki, lap biabırçı vəziyyətdə olur. Bir çox tərcüməçilər tərcümə etdikləri dilin qrammatikasını, cümlə strukturunu olduğu kimi saxlayır. Məsələn, "Filankəs, filan yerə baxaraq, qaşlarını çatdı". Azərbaycan dilində belə cümlə strukturu var? Və yaxud, “Solnçe uje sela” cümləsini “Günəş artıq oturdu” kimi tərcümə edib, göndərirlər nəşriyyata. Belə nümunələr çoxdur.
Ancaq gəlin, bir məsələni qəbul edək: Azərbaycanda tərcümə məktəbi olmayıb, ənənə yoxdur, nəsil yetişdirilməyib. Geniş miqyaslı tərcümələr təzəliklə başlayıb, ciddi proseslər gedir. Ona görə də belə xaotiklik var. Hər bir ölkənin ədəbiyyatı, dili müəyyən mərhələdə belə xaosdan keçib və öz tərcümə, redaktor məktəbini yaradıb. Bizdə də proses öz-özünü nizamlayacaq. Yetər ki, prosesə hamılıqla qoşulaq, bu əhəmiyyətli işlərdəki nöqsanı yalnız ona dəstək vermək naminə göstərək və nəşriyyatların daha məsuliyyətli olmasına çalışaq.

- Azərbaycan Dil Qurumu olaraq bəzi şirkətləri məhkəməyə vermisiniz. Səbəb nədir?

- Azərbaycanda şirkət təsis edənlər onu istənilən formada, hətta ağlına gələn, heç bir məna ifadə etməyən sözlə də adlandıra bilər. Amma "Dil Qanunu"nda göstərilir ki, reklam mətnləri mütləq Azərbaycan dilində olmalıdır. Əgər başqa dildə yazmağa ehtiyac yaranarsa, onda birinci olaraq Azərbaycan dilində, ondan sonra isə daha balaca hərflə həmin dildə yazıla bilər. Ancaq bu qaydalara əməl etməyən şirkətlər yüzlərlədir. Biz onlardan bir neçəsini məhkəməyə vermişik.

- Reklam mətnlərində də ciddi problem var.

- Əlbəttə. Bu yaxınlarda monitorinq aparıldı və bəlli oldu ki, Bakıda asılan reklam lövhələrinin 92 fazinin də dil norması kobud surətdə pozulur. İngilis dilində yazılış formasını anladıq - bu, problemdir və həllini gözləyir. Bəs, məsələn, “Xod gedən” ifadəsi?..

- Bu, dildə çox işlənən bir ifadədir. Ona görə də reklam üçün daha cəlbedicidir...

- Çox maraqlı bir məsələnin üzərinə gəldiniz. Qəbul edək ki, media bir sözü çox işlətməklə onu şüurlara yerləşdirir - ona görə də bayaq medianın dilin inkişafındakı xidmətini xüsusi olaraq vurğuladıq. Bizdə belə bir rəy formalaşıb: guya “JEK müdiri” deyəndə, qarşındakını daha gözəl ifadə etmiş olursan. Amma sən dayanmadan “MİS müdiri” ifadəsini işlətsən, eyni effekti ala bilərsən, axı! Demək istədiyim odur ki, biz bu cür sözləri öz ana dilimizdə işlətməklə, dilin imkanlarını genişləndirə bilərik. O cümlədən "xod gedən"i də "bərkgedən" kimi deyə və yaza bilərik. Nəzərə alın ki, "bərkgedən" ifadəsi bizim dialektlərdə işlənir. Əgər bu sözün işlənməsi o qədər zəruridirsə, heç olmasa, şivələrdən, dialektlərdən alaq qarşılığını, nəinki əcnəbi dildən.

- Rəsmi mediada fellər “mışdır/müşdür” şəkilçisi ilə yazılır. Amma digər media orqanlarında “ib/ub...”dan istifadə edilir. Məsələn, “gəlmişdir” və “gəlib”. Bunlardan hansı doğrudur?

- Əslində, hər ikisi doğrudur. Sadəcə, “mışdır...” şəkilçisi arxaikləşib. Rəsmi media orqanları da “ib...”la yazmalıdır. Çünki canlı danışıqda bu cür deyirik. Ancaq şəxsi fikrim bundan ibarətdir ki, “mışdır”ın da qorunub saxlanılması vacibdir, çünki bu üslubla yazılan klassik əsərlərimiz var. "Mışdır"ı tamamilə arxivə gömsək, onda gələcək nəsil bu üslubla yazılan romanları oxuyanda çaşıb qalar.

Elmin Həsənli

10-7-2012