“120 min sözümüzü itiriblər”
MEDİADA » MÜSAHİBƏLƏR

“120 min sözümüzü itiriblər”

 Anar Niftəliyev: “Dilçilik İnstitutunun görməli olduğu işi “Şərq-Qərb” nəşriyyatı yerinə yetirir”

“Gündəlik Teleqraf” qəzetinin suallarını Azərbaycan Dil Qurumunun icraçı direktoru Anar Niftəliyev cavablandırıb.

- Anar bəy, bu yaxınlarda Azərbaycan Dil Qurumunun saytı - “Adq.az” istifadəyə verildi. Yəqin sayt hələ tamamlanmayıb. Məsələn, “Haqqımızda” bölməsində heç bir məlumat yerləşdirilməyib...

- Təqdimatda da bu barədə qeyd elədik. Əvvəlcə layihədə saytı yalnız Orfoqrafiya lüğətinin axtarış sisteminə daxil edilməsi və zaman-zaman təkmilləşdirilməsi üçün nəzərdə tutsaq da, sonradan iddialarımız böyüdü. Xüsusilə, əməkdaşlıq etdiyimiz Türk Dil Kurumunun saytının genişliyi çox xoşumuza gəldi və qərar verdik ki, Prezident yanında QHT Şurasının ayırdığı maliyyədən stimul kimi istifadə edək, yəni ayrılmış məbləğlə arzuladığımız işin bünövrəsini qoyaq. Bu isə nəzərdə tutduğumuzdan qat-qat böyük bir işdir və doğrusu, heç kim bu məbləğlə bu işə başlamaq istəmədi. “İmic” studiyasına və köhnə dostlarım Teymur və Sədaqət Nəcəfzadələrə bir daha təşəkkür edirəm. Onlar bu ağırlığın altına simvolik məbləğə görə deyil, bizə mənəvi dəstək göstərmək və ictimai işə yardım etmək üçün girişdilər və hazırda prosesi davam etdirirlər.

Qayıdaq sizin sualınıza. Nəinki “Haqqımızda” bölümünü çatdırmamışıq, o cümlədən, məsələn, Şah İsmayıl Xətainin türkcə divanı üçün banner qoymuşuq, amma kitabın özünü hələ yükləməmişik. Yaxud işin gedişində Teymur Nəcəfzadə “Kitabi-Dədə Qorqud” dastanının fləş-kitab variantını hazırladı və Azərbaycan Dil Qurumuna hədiyyə etdi. Düşündük ki, öndəki 6 bannerin hamısı fləş-kitablardan ibarət olsun. Onu da etməmişik - yanız “Dədə Qorqud”dan başqa.

Yəni prosesdə arzudan arzu doğdu və iş lap böyüdü. İnanın ki, materialların, şəkillərin, videoların arxivlərdən tapılması, seçilməsi, çeşidlənməsi, ayrı-ayrı bölmələrə yerləşdirilməsi, müzakirələr həddən artıq çox vaxt apardı. Digər tərəfdən, proqramçılar Orfoqrafiya lüğətini və İzahlı lüğəti paralel olaraq yeni axtarış sistemində işləyirlər və onunla bağlı da çoxsaylı problemlər çıxır.
Üçüncü və ən əsası, lüğətlərin elektron variantlarını tapmaq üçün həftələrimiz getdi, halbuki biz bunu belə təsəvvür etmirdik. Düşünürdük ki, aidiyyəti quruma müraciət edən kimi, materialları əldə edəcəyik. Yaxud Şah İsmayılın türkcə divanı. Siz təsəvvür edirsinizmi ki, Şahın türkcə divanının elektron variantı heç yerdə yoxdur? Ümumiyyətlə, elə faktlarla qarşılaşdıq ki, heyrətlənməmək olmur. Ona görə qərara gəldik ki, ilkin mərhələni tamamlayaq, Orfoqrafiya lüğətini axtarış sistemində istifadəyə verək, sonra ikinci mərhələyə başlayaq.

- Özünüz də qeyd elədiyiniz kimi, saytda yalnız Orfoqrafiya lüğətinin elektron-axtarış sistemi var. Digər lüğətlər “pdf” formatındadır. Gələcəkdə elektron-axtarış sisteminin tətbiqi işi davam etdiriləcəkmi?

- Əlbəttə, əsas hədəfimiz odur. İndi Azərbaycan dilinin izahlı lüğəti üzərində iş gedir və deyim ki, bu, çox ağır işdir. Hər bir söz ayrı-ayrılıqda axtarış sisteminə daxil edilməlidir. Sözlərin sayı isə 100 mindir. İnşallah, ümid edirik ki, bu işi iki ay müddətində başa vuracağıq.
Sonra terminoloji lüğətlərin axtarış sistemində proqramlaşdırılması işinə başlayacağıq və bu iş daha çətindir. Əvvəla, ona görə ki, terminloji lüğətlər hamısı bir yerdə hələ bu vaxta qədər dərc olunmayıb, ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış lüğət-kitablardır. Biz onların hamısını toplayıb, bir sistemdə yerləşdirmək istəyirik. Burda əsas problem üst-üstə düşən terminlərin ayrı-ayrı izahları, həmçinin lüğətlərin hamısının elektron variantlarının olmamasıdır. Öhdəsindən gəlmək asan olmayacaq. Amma neyləyək? Dilçilərimiz, alimlərimiz etmirlərsə, biz də əlimizi yanımıza salıb, dayanmalıyıq və kimsə durub deməlidir ki, “Azərbaycan dili kasad dildir”?

- Səhv etmirəmsə, yazıçı Əli Əkbər demişdi o sözü...

- Bəli və doğru da demişdi. Əgər sənin Orfoqrafiya lüğətində cəmi səksən, İzahlı lüğətində yüz min söz varsa, onlar da qüsurlarla doludursa, belə dilə “kasad dil” deyərlər də. Müqayisə üçün deyim ki, Osmanlı türkcəsinin lüğət bazasında 1,3 milyon söz var, ondan bir qədər artığı da rus dilindədir. İndi o dillərlə müqayisə aparanda, Azərbaycan dilinə niyə kasad deməməlidirlər? Səbəb odur ki, məişətdə işlətdiyimiz bir çox sözlər var, Orfoqrafiya lüğətində təsbit olunmayıb.

- Niyə?
- Çünki işləmir alimlərimiz, dildəki sözləri lüğət bazasına daxil etmirlər. Bir misal çəkim - bunu təqdimatda da dedim. 1966-cı ildə İzahlı lüğətin 1-ci cildi çap olunub, 2006-cı ildə isə təkmilləşmiş nəşrdə köhnə nəşrin 1-ci cildinə cəmi 150 söz əlavə edilib... Dilçilərin hesablamalarına görə, hər il dilə on minlərlə söz nüfuz edir, ən azı 3 min söz isə qəbul olunur. Bu hesabla 40 ildə 120 min söz daxil olmalıdır dilimizə. Amma bizdəki “nəticə” ümumilikdə 40 ilə min sözə də çatmır. Hələ nəzərə alın ki, 2006-cı ildən 7 il keçib, deməli, 40 deyil, 47 il götürməliyik.
- Sayt hansı qrafik üzrə yenilənəcək?
- “Adq.az” yazı qaydalarına birbaşa aid olan tədqiqatları, dil normalarını, o cümlədən təbliğat materiallarını yükləmək niyyətindəyik. Bir də əlbəttə, əsas hədəfimiz var: lüğətlərdə olmayan sözlərin yazı qaydalarını müəyyənləşdirməklə bazaya əlavə etmək. Bu, üç-beş adamın işi deyil, bütün söz adamları, həmkarlarımız, nəşriyyat işçiləri bu prosesdə yardımçı olmalıdırlar. Mən onların hamısına ayrı-ayrılıqda müraciət edirəm və fürsət ikən, burdan da deyirəm ki, ya birbaşa mənə, ya da saytda “Bizə yazın” bölməsinə təkliflərini yazsınlar.
Bilirsiz, jurnalistlər, nəşriyyatçılar söz yaratma prosesində birbaşa iştirak edirlər. AMEA Dilçilik İnstitutunun, Teminologiya Komissiyasının problemi ondadır ki, söz yaradıcılığı prosesində iştirak edən insanlarla bütün əlaqələri itiriblər və prosesdən kənarda qalıblar. Əslində, hazırda dilin bütün yükü jurnalistlərin üstünə düşüb və biz də əl-ələ verib, bu yükü lazımınca çəkməliyik, tənbəl dilçlərimizi də təhrik etməliyik ki, üstlərinin tozunu çırpıb, prosesə qoşulsunlar.
- Təqdimat mərasimində bildirmisiz ki, Dilçilik İnstitutunda nə İzahlı lüğətin, nə də Orfoqrafiya lüğətinin elektron variantları var. Bəs həmin lüğətləri, eləcə də, digər elektron resursları necə əldə elədiz?
- Ən ağrılı yerimiz də budur. Biz layihəyə başlayan gün AMEA Dilçilik İnstitutuna Orfoqrafiya lüğəti və İzahlı lüğət, AMEA prezidenti yanında Terminologiya Komissiyasına terminoloji lüğətlərin elektron variantı üçün müraciət etdik. Dilçilik İnstitutunun Orfoqrafiya şöbəsinin müdiri, çox hörmətli alimimiz və müəllimim İsmayıl Məmmədov dedi ki, bizdə lüğətlərin elektron variantı yoxdur. İnanmadıq - çünki inanılası şey deyil - və aydınlaşdırdıq ki, doğrudan da, yoxmuş. Heyrətamiz olaydır: İnstitutun intellektual əmlakına özü deyil, “Şərq-Qərb” nəşriyyatı sahiblik edirmiş. Əlbəttə edəcək, çünki mətbəə materialı hazır, elektron formada qəbul etmir, dilçilərin yardımı ilə özü hazırlayır, elektronlaşdırır, çap edir və s. Yəni faktiki olaraq Dilçilik İnstitutunun görməli olduğu işi “Şərq-Qərb” görür.
Digər məsələ. İzahlı lüğətin 2006-cı il nəşri köhnə cildlərdən skan edilib və xırda əlavələrlə, “təkmilləşdirilib”. Yəni İnstitut əziyyət çəkib, bunları kompüterə köçürməyib, hazırlamayıb, ağırlığı mətbəə çəkib. Əlbəttə, mətbəə də istifadə edə biləcəyi, yəni çapı mümkün variantı saxlayır. Başqa sözlə desək, materiallar İnstitutun şöbələrində “vörd”lə işlənməyib, ona görə də elektron variantlar yoxdur.
Biz yalnız proqramçıların bacarığı sayəsində həmin skan variantları elektron şəklə sala bildik. Bu prosesi bilənlərə məlumdur ki, həmin iş nə qədər ağırdır və hazırda da bu, belə deyək, “çevrilmə” prosesində meydana gələn problemləri həll etməklə məşğuluq.
Dilçilik İnstitutundan demişdilər ki, yeni, daha təkmil Orfoqrafiya lüğəti hazırlanır, may ayında onu guya təhvil verməliydilər. Məsələ burasındadır ki, bu yükü də “Şərq-Qərb” nəşriyyatı çəkir. Nə başınızı ağrıdım, Dilçilik İnstitutu faktiki olaraq oyundan kənar vəziyyətdədir və burda kimsənin suçu yoxdur, özlərindən başqa. Hələ onu demirəm ki, Dil haqqında qanuna görə, Orfoqrafiya lüğəti “ən geci beş ildən bir” yenilənməli və dərc olunmalıdır. Sonuncu, qüsurlarla dolu lüğət 2004-də çap olunub. Artıq 9 il keçib, amma yeni nəşr yoxdur. Yəni Dil Qanunu da pozulur, İnstitut isə narahat olmur. Hətta ötən il startı verilən və bu il qəbul edilən Azərbaycan dili ilə bağlı Dövlət Proqramı da qəbul olunub, 2 milyon manat da pul ayrılıb. Amma nə olsun?
Terminologiya Komissiyasından isə əvvəlcə lüğətləri verəcəklərini vəd etsələr də, sonradan ümumiyyətlə, qeybə çəkildilər. Öyrəndik ki, məsləhətləşiblər və düşünüblər ki, özümüz bir sayt düzəldək, materialları da özümüz yükləyək. Yəni özləri eləmir, edənlərə də imkan vermirlər. Yenə var olsun ayrı-ayrı alimlərimiz. Onların dəstəyi ilə xeyli material topladıq və toplayırıq.

- Hər halda Azərbaycan Dil Qurumu və onun saytı rəsmi strukturlarla, elm mərkəzləri ilə işləməlidir...

- Biz qınasaq da, tənqid etsək də, yalnız yuxarıda adını çəkdiyim qurumlarla işləyəcəyik və işləyirik də. Çünki mütəxəsislər o qurumlarda cəmləşib və deyim ki, ciddi, savadlı, vətənpərvər alimlərimiz çoxdur, əksəriyyəti ilə çox isti münasibətlərimiz var. Bəzən şəxsi söhbətlərimizdə deyirlər ki, bizi tənqid edirsiz, amma tədbirlərinizə də dəvət göndərir, bizimlə işləyirsiz, niyə? Deyirəm, düşmən deyilik ki? İş prosesində sizdən əl çəkən deyiləm, işləməsəz, ömrümü sizi tənqidə həsr edəcəm... Çünki bu cür alimləri olan dil belə vəziyyətdə olmamalıdır.

- Saytın loqosunda Şah İsmayıl Xətainin şəkli yer alıb. Belə nəticə çıxarmaq olarmı ki, təkcə şimalla kifayətlənməyəcəksiz, Cənubi Azərbaycanla bağlı da layihələr icra olunacaq? Azərbaycan dilinin bütövlükdə dünyada qorunması üçün hansı addımlar atılacaq?

- Şahın saytımızın loqosunda əksini tapmasının səbəbi ilk dəfə Azərbaycan türkcəsini Səfəvi imperiyasının saray dili elan etməsiylə bağlıdır. Hətta bilirsiz ki, Osmanlı sultanı Yavuz Səlimin yazdığı farsca məktubları Şah türkcə cavablandırıb, Səfəvilər diplomatik yazışmaları da ana dilində aparıb. Qızılbaşlarda türkcəyə verilən önəm həddən artıq böyükdür və təəssüf ki, bunu da hələ araşdırıb ortaya qoyan fundamental əsərimiz yoxdur və yaxud var, amma cəmiyyətə təqdim olunmayıb.
O ki qaldı Güneylə bağlı... Bilirsiz, Azərbaycanın dialektoloji xəritəsi heyf ki, tam cızılmayıb. Dilçilik İnstitutu son aylar bu sahədə işləri gücləndirib və Güneyə də ezamiyyətlər təşkil etməklə bağlı ara-sıra təkliflər səsləndirir. Bu iş çox böyük maliyyə və ciddi alim əməyi tələb edir. Bunlar Dilçilik İnstitutunun çəkə biləcəyi ağırlıqdır...

- Saytda millət vəkili Sabir Rüstəmxanlının bir neçə yerdə fotosu, eləcə də, onunla bağlı video-material yerləşdirilib. Maarifçi bir sayt üçün bu nə qədər məqsədəuyğundur?

- Gəldik, özünütənqidə... Təqdimatda da Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı dedi ki, video-foto görüntülərim çoxdur, onları azaltmaq lazımdır, etik deyil. Məsələ burasındadır ki, adq.az saytının əsas işi həm də Azərbaycan ədəbi dil normalarının qorunması üçün təbliğat işi aparmaqdır. Son illər Dil Qurumundan başqa bu təbliğatı kim aparır? Kim monitorinq keçirir, verilişlər aparır, açıqlamalar verir, dil normalarının pozulmasına etiraz edir? Kimlər aparıb bu təbliğatı ki, biz onun videoçarxından, materialından istifadə etməmişik? Yalnız filosof Niyazi Mehdinin və tanınmış telejurnalist Anar Yusifoğlunun yazılarını tapa bilmişik, onları da “yazılar” bölməsində yerləşdirdik. Teleradio Şurasının sifarişi ilə Dilçilik İnstitutu çox qüsurlu və naqolay bir monitorinq keçirdi təzəlikcə. Qüsurlarına baxmayaraq, onu da yerləşdirməyə və təbliğ etməyə hazırıq. Amma hanı o hesabat? Mediaya niyə açıqlanmadı?
Təki təbliğatçılar çoxalsın, ziyalılar bu işə qoşulsun... Təki o qınaq olsun ki, filan təbliğat çarxı daha yaxşıdır, onu niyə yaymırsız? Bax, o xoş mübahisə olanda dil normaları ilə bağlı narahatlığımız da aradan qalxacaq...

Qurban Yaquboğlu

31-7-2013