"Əcnəbi sözlərin dırnaqda verilməsi ciddi səhvdir"
MEDİADA » MÜSAHİBƏLƏR

"Əcnəbi sözlərin dırnaqda verilməsi ciddi səhvdir"

Azərbaycan Dil Qurumu İctimai Birliyi 19-30 iyun 2012-ci ildə mətbuatın dili ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı xarici şəxs, firma, media və s. adların ingilis dilinin qaydalarına uyğun yazılması kimi ciddi yanlışlıq üzə çıxıb. Və monitorinqə cəlb olunan qəzetlərdə aşkar edilmiş səhvlər cəmiyyətə açıqlanıb. Onu da qeyd edək ki, monitorinq nəticələnəndən sonra bəzi qəzetlər oradakı səhvlərlə bağlı narazılıq da edib. Narazılıqlar isə xüsusən əcnəbi adların dırnaq ("") içərisində yazılması ilə bağlıdır. Yəni bəzən qəzetlərdə əcnəbi sözlərin öz dilimizdə qarşılığı olduğu halda həmin sözün dırnaqda verilməsidir. Dil Qurumu isə bunu yanlış hesab edir.
Dil Qurumu İctimai Birliyinin mətbuatın dili ilə bağlı apardığı monitorinq qrupunun fəaliyyəti, mətbuatdan quruma təpkilərin olub-olmaması ilə bağlı İctimai Birliyin icraçı direktoru Anar Niftəliyevlə əlaqə saxladıq. Qurumun sədrinin sözlərinə görə, monitorinqlər adətən 6 aydan bir olmaqla ildə iki dəfə keçirilir. Amma bu yaxınlarda birlik monitorinqlərin sayında dəyişiklik edib. Yəni bundan sonra İctimai Birlik monitorinqi ildə iki dəfə yox, 3 aydan bir olmaqla 4 dəfə aparacaq. Qeyd edək ki, qurumun növbəti monitorinqi sentyabrın üçüncü ongünlüyündə aparılacaq: "Hələ ki, bizə hər hansı bir mətbuat orqanından şikayət daxil olmayıb. Bilirsiniz, əslində jurnalistlərin bizdən narazı qalması heç düzgün də deyil. Çünki Dil Qurumu özündən qaydalar müəyyənləşdirmir ki. Yaxud da qurumun qəzetlərlə qərəzi yoxdur. Bizim mətbuatdan tələbimiz Azərbaycan dilinin orfoqrafik qaydalarına düzgün əməl etmələridir. Ölkədə çıxan gündəlik, aparıcı qəzetlərin əksəriyyəti əcnəbi adları səhv yazır. Yəni sözü ana dilimizin yox, özünün mənsub olduğu dilin qrammatik normalarına uyğun yazır. Əslində isə əcnəbi sözləri özümüzünküləşdirmək lazımdır. Söz yazıldığı kimi yox, bizim dilimizdə deyildiyi kimi yazılmalıdır. Amma mətbuat orfoqrafiya qaydalarının müvafiq (7, 8, 9, 10, 11, 12) maddələrini çox ciddi şəkildə pozmaqla sözü səhv yazır. Qurum adından biz mətbuatdan həm tələb, həm də xahiş elədik, sözlərin yazılışında ehtiyatlı olsunlar. Çünki sözə qarşı ani biganəlik dilimizə qarşı hörmətsizliklə nəticələnir".
A.Niftəliyev bütün medianın diqqətinə çatdırıb ki, Azərbaycan dilində 32 hərf var. Və bizim dilimizdə diftonqlar (iki səs birləşməsi) yoxdur: "Əgər biz "v" hərfinin əvəzinə "W" (dablyu) hərfini, "ş"-nin əvəzinə "sh" birləşməsini yazırıqsa, deməli, əlifbamıza 33-cü, 34-cü hərf və diftonq əlavə edirik. Əgər Azərbaycan dilinin orfoqrafiya qaydalarında diftonq yoxdursa, mətbuatın bu dəyişikliyi eləməyə də ixtiyarı yoxdur. Çünki mətbuatın vəzifəsi cəmiyyətə informasiyanı dilin qayda-qanunlarına uyğun şəkildə aşılamaqdır, orfoqrafiyada dəyişiklik etmək, sözləri necə gəldi yazmaq yox. Bir daha qeyd edirəm ki, əcnəbi adlar dilimizin qaydalarına uyğun, yəni oxunduğu kimi yazılmalıdır. Bu təzə qanun deyil ki, ötən əsrin 50-ci illərindən qəbul olunmuş qaydalardır. Bizim məqsədimiz kimlərəsə səhv tutmaq deyil. Biz gələcək nəsillərin təfəkkürünün düzgün formalaşmasına çalışırıq. Çünki indiki gənclik məktəbdə orfoqrafiyanı öyrənir, mediada isə başqa cür görür. Təbii olaraq bu da onu çaşdırır. Və avtomatik olaraq, onun yaddaşında mediada oxuduğu cür qalır. Bilirsiniz ki, KİV dilin genişlənməyi, təmizlənməyi və zənginləşməyi prosesində vacib yer tutur. KİV qədər dilə xidmət edən ikinci bir sahə yoxdur. Ona görə də mətbuatın hər hansı bir yanlışlığı dilə mənfi baxımdan çox sürətlə təsir edir. Qurumun digər sahələrdən daha çox mətbuatı gündəmdə saxlamasına da səbəb budur. Əgər mətbuat dilin qayda-qanunlarını qorusa, dilimiz öz normalarına uyğun olaraq inkişaf edəcək. Mətbuatın qaydaları pozması isə dil normalarını dağıdır. Və biz hədəfimizi doğru seçmişik. Yəqin ki, qısa zaman kəsiyində mətbuatın dilindəki problemləri aradan qaldırmaqla dilimizin saflığının qorunmasına və inkişafına nail olacağıq".
Bəzi əcnəbi sözlərin dırnaq içərisində yazılmasına gəldikdə isə A.Niftəliyev mətbuat nümayəndələrini bu vərdişdən imtina etməyə çağırıb. Birliyin icraçı direktoru deyib ki, əcnəbi sözlərin dırnaqda verilməsini qurum ciddi şəkildə qınayıb: "Dilimizin lüğət tərkibi həddindən artıq zəngindir. Sadəcə bizim jurnalistlər sözü axtarıb tapmaq istəmir. Doğrudan da, Sabir Rüstəmxanlının dediyi kimi, jurnalistlər "düşüncə tənbəlliyi" xəstəliyinə yaxalanıb. Və biz də mətbuatı bu xəstəlikdən azad olmağa çağırırıq. Hər hansı bir əcnəbi sözün dilimizdəki qarşılığı yazılmalıdır. Yoxdursa da, jurnalist, publisist düşünüb tapmalıdır. Çünki söz adamı olaraq, sözləri aktivləşdirmək onun borcudur. Yoxsa ki, ara danışıqlarında, məişət söhbətlərində istifadə etdiyimiz əcnəbi sözləri mətbuata gətirib, dilimizin qaydalarını korlamaq və gənclərin formalaşmasına mənfi təsir etməli deyil. Zənnimcə, ingilis və ya rus sözlərini dırnaqda yazıb vəziyyətdən çıxmaqla mətbuat nümayəndələri dilimizin qaydalarını da məhv edirlər. Hər sahənin öz məsuliyyəti var, jurnalistlərin də vəzifəsi sözlərin düzgün formasını tapıb cəmiyyətə çatdırmaqdır. Sözlərin qarşılığı olmayanda, KİV söz yaratmağa cəhd eləməli və sözü tapıb cəmiyyətin ixtiyarına buraxmalıdır. Daha əcnəbi dildə olduğu kimi yazıb, özlərini və xalqı aldatmaq yox".

17-7-2012