“Prezidentin bu məsələni qaldırması o deməkdir ki…”
MEDİADA » XƏBƏRLƏR

“Prezidentin bu məsələni qaldırması o deməkdir ki…”

Azərbaycanda bəzi ictimai xadimlərin, hökumət üzvlərinin və məmurların öz dilimizdə danışa bilməməsi böyük faciədir. Prezident İlham Əliyevin də öz çıxışında dil məsələsinə xüsusi diqqət yetirməsi bunu deməyə əsas verir.

Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışında dövlət dili ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. S.Rüstəmxanlı qeyd edib ki, prezidentin dil məsələsinə bu qədər həssaslığı son dərəcə sevindirici haldır:

“Bir neçə xarici dili yüksək səviyyədə bilən İlham Əliyev öz nitqi və danışığı ilə həmişə məmurlara örnək olub. Onlara sübut eləməyə çalışıb ki, ana dilində təmiz və konkret olaraq necə danışmaq lazımdır. Görünür, prezident artıq dil haqda olan iradları dilə gətirməyə vadar olub. Çünki bir çox məmurumuz ana dilində danışmaqda çətinlik çəkir. Hətta bəzi məmurların balaları ana dilini bilmir. Həmin məmur övladlarının bir qismi əcnəbi dillərdə danışır. Bu, böyük faciədir. Belə çıxır ki, gələcəkdə Azərbaycanı öz dilini bilməyən, milli təfəkkürü olmayan, ana dilində düşünməyi bacarmayan gənclər idarə edəcək. Görünür, prezident də bu sahədəki problemləri görür, hiss edir və çox narahatdır”.

ADQ başqanının sözlərinə görə, prezident Azərbaycan dilinin zənginliyinə diqqət çəkməklə, ciddi məqama toxunub:

“Bu dil bizim millətimizin varlığıdır. Eyni zamanda, dilə yabanı sözlərin gəlməsi dil üçün böyük bir problemə çevrilə bilər. Hesab edirəm ki, prezidentin bu çıxışı dilimizin inkişafı ilə bağlı Dövlət Proqramından və sərəncamdan sonra dil məsələlərinə növbəti dəfə diqqəti cəlb etmək üçün mühüm siqnaldır. Mən Azərbaycan Dil Qurumunun başqanı olaraq sevinirəm ki, nəhayət, prezident səviyyəsində dilimizə bu qədər konkret münasibət bildirildi. Bu münasibət ciddi bir dönüşə səbəb ola bilər”.

Bakıda bütün təhsil müəssisələrində rus bölməsinin fəaliyyət göstərməsini məqbul saymayan S.Rüstəmxanlı dövlət dilinin tədrisinin gücləndirilməsi zərurətini də vurğulayıb:

“Bakıdakı məktəblərdə, o cümlədən ali təhsil müəssisələrində az qala bütün fakültələrin rus bölmələrinin olmasını başa düşə bilmirəm. Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Əlbəttə rus və ingilis dilləri də öyrənilməlidir. Bunun üçün ayrıca məktəblər və ya fakültələr açmaq olar. Necə ki, ayrıca fransız məktəbi tikilib”.

Xalq şairi bu işdə daha çox valideynləri günahlandırıb: “İş o yerə gəlib çatıb ki, problemə dövlət başçısı qarışmalı olub. Halbuki prezident bu məsələyə qarışmalı deyil. Dil hər bir vətəndaşın qeyrətindən asılı bir məsələdir. Hansı ölkədə vətəndaş öz uşağını ana dilində yox, başqa dildə oxutdurur? Valideyn övladını ikinci bir dil öyrətmək üçün onu başqa bir məktəbə qoya bilər. Niyə bizim millətimiz bu qədər müqavimətsizdir? Niyə öz dilimizi sevmirlər? Valideynlər öz uşaqları ilə öz dillərində belə danışmaq istəmirlər. Bu, sadəcə şüursuzluqdur, milli ləyaqətin olmamasıdır, özünə sayğısızlıqdır”.

S.Rüstəmxanlı İranda Azərbaycan türklərinin təhqir olunmasını da qeyd olunan problemlə bir çox məqamlarda bağlı olduğunu bildirib: “Hazırda İranda türklərin necə təhqir olunduğunu görürük. Çünki 40 milyon türk öz ana dilində oxumur, öz ana dilində məktəb açmaq haqda fikirləşmir. Özünü fars ideologiyasına təslim edib. Ona görə də bu gün küçələrə çıxmağa məcburdur. Bunu nəzərə almaq lazımdır. Hər bir uşaq öz ana dilində oxumalıdır. Sonra neçə dil istəyir, öyrənsin. Uşaqlar ibtidai və orta məktəbi öz ana dilində oxumalıdır ki, onun şüuru düzgün tərbiyə olunsun”.

11-11-2015