“Prezident bu qurumlara ciddi mesaj verdi”
MEDİADA » XƏBƏRLƏR

“Prezident bu qurumlara ciddi mesaj verdi”

Prezident İlham Əliyevin dildə işlənən alınma kəlmələrin sayca artmasını və bunun arzuolunmaz tendensiyaya çevrilməsini xüsusi qeyd etməsi olduqca müsbət haldır.

Bu sözləri adq.az-a açıqlamasında Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxıpşında dövlət dili ilə bağlı vurğuladığı məqamlara münasibət bildirərkən tanınmış mütəxəssis, professor, AMEA Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, ana dilimizə laqeyd münasibətin dövlət başçısını da narahat etməsi mövcud reallıqdan irəli gəlir:

“Rəhbərlik etdiyim Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində apardığımız müşahidə və təhlillər onu deməyə əsas verir ki, bir çox xidmət sahələrində, küçə reklamları, afişa, elan və bildirişlərin yazılışında ciddi qüsurlara yol verilir. Qəzetlərin, saytların, tele-radio verilişlərinin dilindəki nöqsanlardan da ciddi narazılıq var. Bu sahədə qeyri-peşəkarların çoxalması, tələbkarlığın azalması dil normalarının pozulmasına yol açır. Prezident İlham Əliyevin dildə işlənən alınma kəlmələrin sayca artmasını və bunun arzuolunmaz tendensiyaya çevrilməsini xüsusi qeyd etməsi olduqca müsbət haldır. Dilimizdə alınma sözlərə meylin sürətlə artmasının ciddi elmi-psixoloji əsasları var. Xarici dili öyrənənlərin sayı ana dilini normal öyrənmək istəyənlərin sayından qat-qat çoxdur, ətrafımızda özgə dildə danışanların sayı artıb, kompüter oyunları, yeni texnologiyalardan asılılıq da öz sözünü deyir. Bunun qarşısını ala bilməsək , çox ciddi problemlərlə üzləşə bilərik”.

Q.Məhərrəmli problemin dil istifadəçiləri, ictimai şəxslər, dövət qurumları və məmurlar qarşısında ciddi vəzifələr qoyduğunu bildirib:

“Azərbaycan dilinə daha sayğı ilə yanaşılmalı, dil qaydalarına əməl edilməli və bunlar təbliğ olunmalıdır. Ölkə başçısının dediyi budur ki, Azərbaycan dili dünayanın ən gözəl dillərindən biridir və istənilən mətləbi dəqiq ifadə etməyə imkan verir. Ona görə də bu dilin zənginliyindən istifadə etmək, onun təmizliyini qorumaq, Azərbaycan dilinin dünya dilləri sırasındakı yerinə hörmət etmək lazımdır. Dilçilik İnstitutu əlbəttə ki, bununla bağlı iş aparır, dövlət proqramını yerinə yetirir, “Dövlət dili haqqında” Qanununun yerinə yetirilməsini təmin edir. Dilçilik İnstitutu elmi müəssisədir, icra və yaxud da göstəriş verən qurum deyil. Əsas vəzifəsi müəyyən faktların toplanması və bunların ictimaiyyətin nəzərinə çatdırılmasıdır. Bəs bununla bağlı kimlər tədbir görməlidir? Dövlət qurumları, dövlət statusu olan təşkilatlar, icra üçün mexanizmi olan qurumların bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, MTRŞ, Mətbuat Şurası bu işlə ciddi şəkildə məşğul olmalıdır. Dilçilik İnstitutu prosesləri qeydiyyata alır və təqdim edir. Ona görə də prezidentin qaldırdığı bu mühüm məsələ ilə bağlı digər aidiyyəti qurumlar da dərhal hərəkətə keçməlidir. Çünki cənab prezident ciddi bir məsələnin mesajını verdi”.

10-11-2015