“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (9 avqust 2001-ci il)
HAQQIMIZDA » QANUNVERİCİLİK

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (9 avqust 2001-ci il)

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüz illər boyu geniş məkanda müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım idi. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 avqust 2001-ci il

9-8-2001