Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi cənab Natiq Şirinova
FƏALİYYƏT » MÜRACİƏTLƏR

Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi cənab Natiq Şirinova

Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi cənab Natiq Şirinova

Hörmətli Natiq müəllim!
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin istifadə etdikləri reklam lövhələri ölkədə qeyri-adi bir mənzərə yaratmışdır. Monitorinqlərin nəticələri göstərir ki, hazırda yalnız Bakı küçələrindəki firma adları, reklam lövhələri və çarxlarının 92 faizində "AR Dövlət Dili haqqında" Qanunun maddələri kobud surətdə pozulmuşdur. Hüquqi şəxslər bunu firma adlarının qeydiyyatı ilə əlaqələndirir və məsuliyyəti Sizin nazirliyin boynuna atırlar. "Azərbaycan Respublikası Dövlət Dili haqqında" Qanunun 17-ci maddəsinə əsasən, "hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır".
Təəssüf ki, 2002-ci ildən qüvvəyə minən "AR Dövlət Dili haqqında" Qanunun tələblərinə məhəl qoyulmur və nəticədə ana dilinə arzuolunmaz hörmətsizlik yaranır. Söhbət təkcə brendlərdən və ya beynəlxalq şirkətlərdən getmir. Bu halda beynəlxalq səviyyədə tanınan ad saxlanılmaqla, onun Azərbaycanda təyinatı ana dilimizdə yazılmalıdır.
Lakin onlarla ad var ki, qeyri-qanuni şəkildə və heç bir ehtiyac olmadan, bəlkə də qəsdən xarici dildə yazılır. Məsələn, "plaza" (saray), center (mərkəz), women (qadın), art (sənət), store (dükan), baby (uşaq) və s. (Yüzlərlə belə nümunə gətirmək olar). Özünə hörmət edən heç bir ölkədə ana dilinin bu cür ayaqlanmasına yol verilmir.
Dövlət dilinin işləkliyinin məhdudlaşdırılması artıq ölkə rəhbərliyini də ciddi şəkildə narahat edir və 2012-ci il mayın 23-də imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu narahatlıqdan yaranmışdır.
Hörmətli Natiq müəllim!
"AR Dövlət Dili haqqında" Qanunu və Azərbaycan Prezidentinin sözügedən Sərəncamını nəzərə alaraq, bundan sonra dövlət qeydiyyatına alınan hüquqi və fiziki şəxslərin firma adlarının ana dilimizin normalarına uyğun seçilməsinə ciddi nəzarət etməyinizi, həmçinin dövlət dilinin tələblərinə uyğun olmayan mövcud firma adlarının tədricən dövlət dilinə uyğunlaşdırılması barədə tədbirlər görməyinizi Sizdən xahiş edirəm.
İlkin olaraq dövlət dilinin tələblərinə uyğun olmayan firma adlarından ibarət qısa siyahını Sizə göndərir və "Azərbaycan Dil Qurumu"nun bu sahədə Sizinlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirirəm.


Xoş arzularla,
Sabir Rüstəmxanlı
"Azərbaycan Dil Qurumu" İB-in sədri,
millət vəkili, Xalq şairi

23 avqust 2012.

 

 

23-8-2012