Azərbaycan Dil Qurumunun KİV-ə müraciəti
FƏALİYYƏT » MÜRACİƏTLƏR

Azərbaycan Dil Qurumunun KİV-ə müraciəti

Azərbaycan Dil Qurumunun KİV-ə müraciəti

Azərbaycan Dil Qurumu İctimai Birliyi 19-30 iyun 2012-ci ildə mətbuatın monitorinqini keçirdi və monitorinq zamanı xarici şəxs, firma, media və s. adların ingilis dilinin qaydalarına uyğun yazılması kimi ciddi yanlışlıq üzə çıxdı.
Monitorinqdən sonra Azərbaycan Dil Qurumu bu məsələ ilə bağlı mövqeyini AMEA Dilçilik İnstitutuna rəsmi məktubla bildirdi.
AMEA Dilçilik İnstitutu ADQ-nin müraciətinə cavab olaraq 037/328 saylı, 6 iyul 2012-ci il tarixli məktubunda qeyd edir: "Azərbaycan dilinin orfoqrafiya qaydalarının 7, 8, 9, 10 və 11-ci maddələrində alınma söz və xüsusi adların Azərbaycan dilinə uyğunlaşdırılıb yazılması məsələsindən bəhs olunur. Sizin də göstərdiyiniz kimi, hazırkı yazılı mənbələrdə, kütləvi informasiya vasitələrində (qəzet və jurnallarda) xarici adların, mətbuat orqanlarının və şirkət adlarının yazılışında sabit normaya əməl olunmur, onlar mənbə dillərində olduğu kimi yazılır. Çox zaman bu səbəbdən əlifbamızda olmayan hərflər yazıda özünə yer alır. Bütün bunları nəzərə alaraq təklif edirik: Bütün alınma xüsusi adların, mürəkkəb adların yazılışında transliterasiya qaydalarına əməl olunmalıdır".
Azərbaycan Dil Qurumu olaraq öz mövqeyimizi və AMEA Dilçilik İnstitutunun mövqeyini bir daha medianın diqqətinə çatdırırıq: Əcnəbi adlar dilimizin qaydalarına uyğun, yəni oxunduğu kimi yazılmalıdır. Məsələn, "Vaşiqton Post" qəzeti; "Nyu York Tayms" qəzeti; "Quardian" qəzeti və s.
Xarici və özünü əcnəbi sözlərlə adlandıran yerli şirkət adlarının yazılışında da eyni prinsip əsas götürülməlidir.
Azərbaycan Dil Qurumu bir daha media mənsublarından dil normalarına hörmətlə yanaşmağı, ana dilimizin saflığını qorumağı xahiş edir.
12 iyul 2012

12-7-2012