Xəzər TV-nin prezidenti cənab Hüseyn Dinləməzə
FƏALİYYƏT » MÜRACİƏTLƏR

Xəzər TV-nin prezidenti cənab Hüseyn Dinləməzə

 Xəzər TV-nin prezidenti cənab Hüseyn Dinləməzə

Hörmətli Hüseyn bəy!
Xəzər TV-də yayımlanan və ölkədə xüsusi maraqla izlənən "Qayınana" serialının adı nədənsə "Qaynana" kimi yazılır və uzun müddətdir ki, bu yanlışlıq aradan qaldırılmır. Bildiyiniz kimi, gənclərin və yeniyetmələrin ana dili haqqında təsəvvürləri daha çox televiziyalardan formalaşdığı üçün elektron KİV-də gedən hər hansı yanlışlıq böyük auditoriyaya təsir edir.
Deyilənləri nəzərə almağınızı və "Qayınana" serialının adındakı yanlışlığı düzəltməyinizi xahiş edirəm.
Əlavə olaraq bildirirəm ki, ölkə prezidenti cənab İlham Əliyevin 23 may 2012-ci il tarixində Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramı haqqında imzaladığı sərəncama uyğun olaraq, bu sahədə təbliğatın aparılması və ana dilinin saflığının qorunması ilə bağlı müzakirələrin Xəzər TV-də keçirilməsi dövlətçiliyimizə və xalqımıza göstərdiyiniz böyük xidmət olardı. Qərar verəcəyiniz təqdirdə belə müzakirələrdə və təbliğatda Azərbaycan Dil Qurumu olaraq fəal iştirak etməkdən məmnunluq duyardıq.


Xoş arzularla,

Sabir RÜSTƏMXANLI
Xalq şairi, Azərbaycan Dil Qurumu İB-in sədri,
millət vəkili

20 iyun 2012

20-6-2012