Heydər Əliyev adına Bakı şəhər Metropoliteninin rəisi cənab Tağı Əhmədova
FƏALİYYƏT » MÜRACİƏTLƏR

Heydər Əliyev adına Bakı şəhər Metropoliteninin rəisi cənab Tağı Əhmədova

Heydər Əliyev adına Bakı şəhər Metropoliteninin rəisi cənab Tağı Əhmədova

Hörmətli Tağı müəllim!
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında xüsusilə vurğuladığı kimi, ana dili millətimizin sərvətidir və onun qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Son illər Azərbaycanın dövlət dilinə qarşı obyektiv və subyektiv basqıların olduğunu nəzərə alsaq, bu narahatlığın nəinki vaxtında deyildiyini, hətta bir qədər də gecikdiyini düşünmək olar.
Məlumat üçün Sizə bildirirəm ki, Bakı şəhər Metropoliteninin bəzi stansiyalarında ödəniş qəbzləri rus dilində verilir. Məncə, hazırkı iqtisadi və texnoloji imkanlar belə avadanlıqların dövlət dilində proqramlaşdırılmasını mümkün edir.
Bakı şəhər Metropolitenindən alınmış rus dilində olan qəbzlərdən birinin surətini Sizə göndərir və Azərbaycanın Dövlət Dili haqqında Qanununa müvafiq olaraq, bu avadanlıqların ana dilində proqramlaşdırması üçün göstəriş verməyinizi xahiş edirəm.

Xoş arzularla,
Sabir RÜSTƏMXANLI
Azərbaycan Dil Qurumunun sədri,
Xalq şairi, millət vəkili

03 may 2011


Qobustan rayon İcra Hakimiyyətinin
başçısı cənab Adil Məmmədova

Hörmətli Adil müəllim!
Məlumat üçün bildirirəm ki, Qobustan rayonundakı Şıxzərli kəndində palçıq vulkanının püskürməsi ilə bu kəndin adı medianın və ictimaiyyətin gündəminə gəldi. Ancaq təəssüf ki, kənd gah «Şıxzəyirli», gah Şıxzaırlı, gah da «Şıxzarlı» olaraq göstərilməklə bu qədim yurdun adı təhrif edildi.
Azərbaycan Dil Qurumu olaraq qısa araşdırmamızdan sonra bəlli oldu ki, bəzi rəsmi sənədlərdə bu kəndin adı yanlış yazılır, həmçinin Bakı-Şamaxı yolunun 80-ci kilometrliyində kəndin adını bildirən yol nişanında da yanlışlıq var, ad «Şıxzarlı» olaraq yazılmışdır.

Prezident İlham Əliyevin AMEA-dakı çıxışında da toxunduğu kimi, dövlət dilinin saflığı qorunmalıdır və bu iş hər birimizin borcudur.
Deyilənləri nəzərə alaraq, kəndin adının yol nişanında təhrif olunmasının aradan qaldırılması və rəsmi sənədlərdə kəndin adının olduğu kimi – Şıxzərli – yazılması üçün tədbir görməyinizi Sizdən xahiş edirəm.

Xoş arzularla,
Sabir RÜSTƏMXANLI
Azərbaycan Dil Qurumunun sədri,
Xalq şairi, millət vəkili

03 may 2011

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident!
Qazax rayonuna etdiyiniz səfərdə dövlət diliylə bağlı olduqca ağrılı məqama toxundunuz və getdikcə daha da aktuallaşan ana dilmizin saflığının qorunması problemini bir daha gündəmə gətirdiniz.
Qeyd etmək vacibdir ki, Ümumilli lider Heydər Əliyev də ana dilinə xüsusi qayğı nümyiş etdirirdi və məhz onun sayəsində Azərbaycan dilinin qorunması və beynəlxalq status alması yönündə çox işlər görüldü. 2002-ci ildə qəbul edilən «Dövlət Dili haqqında» Qanun isə mükəməlliyi ilə xüsusi seçilir.
Biz Azərbaycan Dil Qurumu İctimai Birliyi olaraq dövlət dilinin saflığı və yad təsirlərdən qorunması üçün müxtəlif maarifləndirici tədbirlər keçirir, təbliğat kampaniyaları aparırıq. Ancaq etiraf edək ki, inzibati üsullardan istifadə etmədən, qısa müddətdə ciddi dəyişikliyə nail olmaq çox çətindir. Ona görə də gələn aydan başlayaraq «Dil haqqında» Qanunu pozanlara qarşı, qanunvericiliyə uyğun olaraq, məhkəmə davası açmaq və bu ənənənin əsasını qoymaq niyyətindəyik. Çünki 2002-ci ildən indiyə qədər bir dəfə də olsun Dil Qanununu pozan hüquqi və fiziki şəxsin məhkəməyə verilməsi halına rast gəlinməyib. Bunun səbəbi isə 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, Dil Qanununun Əsasnaməsinin hələ də hazırlanmamasıdır.
Hörmətli Cənab Prezident!
Aparılan son monitorinqin nəticələrinə görə, Bakıda fəaliyyət göstərən xidmət sahələrinin adlarıının və reklam çarxlarının 92 faizində Dil Qanunu kobud surətdə pozulur. Bu cür kütləvi pozuntu isə dövlətin ciddi müdaxiləsini zəruriləşdirir.
Deyilənləri nəzərə alaraq, Dil Qanununun Əsasnaməsinin hazırlanması üçün Nazirlər Kabinetinə, Azərbaycan Dil Qurumu İB ilə birgə reydlər keçirib, qanunsuzluqların operativ olaraq aradan qaldırılması üçünsə Bakı şəhər İcra Hakimiyyətinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,
Sabir Rüstəmxanlı
Xalq şairi, millət vəkili, Azərbaycan Dil Qurumunun sədri

30 iyun 2011.

30-6-2011