Azərbaycan Dil Qurumunun mətbuata müraciəti
FƏALİYYƏT » MÜRACİƏTLƏR

Azərbaycan Dil Qurumunun mətbuata müraciəti

Hörmətli media təmsilçiləri!
Azərbaycan Dil Qurumu olaraq hər gün mətbuatda təkrarlanan nöqsanlardan birini diqqətinizə çatdırmaq istəyirik.
Xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, «The Washigton times», «WikiLeks», «The Washington post» və s.
Adi məntiqlə özünüzə sual edə bilərsiniz: əgər əcnəbi adlar «orijinalda olduğu kimi» saxlanırsa, onda niyə «Əl-Cəzirə» ərəb, «Nezavisimaya qazeta» kirill, «Rustavi» gürcü və s. əlifbalarıyla yazılmır?
Aydın görünür ki, «adı orijinalda olduğu kimi saxlamaq» yalnız ingilis dilinə şamil olunur və heç bir dil norması ilə tənzimlənmir.
Azərbaycan dilinin qrammatikası müasirlik prinsipinə əsaslanır və canlı danışıqda necə işlədilirsə, o cür də yazılmalıdır. Yəni:
«The Washigton times» - «Vaşiqton tayms»;
«WikiLeks» - «Vikiliks»;
«The Washington post» - «Vaşinqton post» və s.
kimi yazılmalı, dil normalarına riayət olunmalıdır.

Hörmətli mətbuat nümayəndələri!
Bir daha sizləri diqqətli olmağa və ədəbi dil normalarını qorumağa çağırırıq.

13-1-2011