FƏALİYYƏT » MÜRACİƏTLƏR
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin istifadə etdikləri reklam lövhələri ölkədə qeyri-adi bir mənzərə yaratmışdır. Monitorinqlərin nəticələri göstərir ki, hazırda yalnız Bakı küçələrindəki firma adları, reklam lövhələri və çarxlarının 92 faizində "AR Dövlət Dili haqqında" Qanunun maddələri kobud surətdə pozulmuşdur.
Azərbaycan Dil Qurumu İctimai Birliyi 19-30 iyun 2012-ci ildə mətbuatın monitorinqini keçirdi və monitorinq zamanı xarici şəxs, firma, media və s. adların ingilis dilinin qaydalarına uyğun yazılması kimi ciddi yanlışlıq üzə çıxdı. Monitorinqdən sonra Azərbaycan Dil Qurumu bu məsələ ilə bağlı mövqeyini AMEA Dilçilik İnstitutuna rəsmi məktubla bildirdi.
Azərbaycan dilində əcnəbi adların yazılışı ilə bağlı fikir ayrılığı var. Məsələyə dilçi alimlərin münasibət bildirməməsi və vahid normanın tətbiq olunmaması bu narahatlığı daha da artırır.
Xəzər TV-də yayımlanan və ölkədə xüsusi maraqla izlənən "Qayınana" serialının adı nədənsə "Qaynana" kimi yazılır və uzun müddətdir ki, bu yanlışlıq aradan qaldırılmır. Bildiyiniz kimi, gənclərin və yeniyetmələrin ana dili haqqında təsəvvürləri daha çox televiziyalardan formalaşdığı üçün elektron KİV-də gedən hər hansı yanlışlıq böyük auditoriyaya təsir edir. 
Apardığımız son araşdırmanın nəticələri Azərbaycanda dövlət dilimizə laqeydliklə bağlı hamını narahat etməli olan bir sıra fakt ortaya çıxardı. Məlum oldu ki, Bakıdakı reklam çarxları və lövhələrinin 92 faizində ədəbi dil kobud surətdə pozulur, yazılı və elektron KİV-də isə dil normalarına əməl olunmaması halları hələ də qalmaqdadır.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında xüsusilə vurğuladığı kimi, ana dili millətimizin sərvətidir və onun qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Son illər Azərbaycanın dövlət dilinə qarşı obyektiv və subyektiv basqıların olduğunu nəzərə alsaq, bu narahatlığın nəinki vaxtında deyildiyini, hətta bir qədər də gecikdiyini düşünmək olar. 
Azərbaycan Dil Qurumu olaraq hər gün mətbuatda təkrarlanan nöqsanlardan birini diqqətinizə çatdırmaq istəyirik. Xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, «The Washigton times», «WikiLeks», «The Washington post» və s.
  • <<
  • 1
  • >>