«Azərbaycan Dil Qurumu» İctimai Birliyinin mətbuatla bağlı keçirdiyi monitorinqin nəticələri
FƏALİYYƏT » MONİTORİNQLƏR

«Azərbaycan Dil Qurumu» İctimai Birliyinin mətbuatla bağlı keçirdiyi monitorinqin nəticələri

«Azərbaycan Dil Qurumu» İB Monitorinq Qrupu yazılı mətbuatda ədəbi dilin qorunmasının vəziyyətilə bağlı 2012-ci il iyunun 19-dan 30-dək monitorinq keçirib.
Monitorinqə "Yeni Müsavat", "Azadlıq", "Bizim yol", "Şərq", "525-ci qəzet", "Gündəlik Teleqraf" və "Ekspress" qəzetləri cəlb edilib.
Monitorinqin nəticəsinə görə, "525-ci qəzet" dil normalarını ən az pozan, «Yeni Müsavat» və «Azadlıq» isə ən çox dil xətalarına yol verən qəzetlərdir.
Monitorinq qurupu «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin daha çox dil xətasına yol verməsinin obyektiv və subyektiv səbəblərini müəyyənləşdirib.
Obyektiv səbəb:
Hər iki qəzet özəl mövzulara, şərhlərə, informasiyalara üstünlük verir, agentlik məlumatlarından bacardıqca az istifadə etməyə çalışır. Nəticədə agentliklərin hazır materiallarından maksimum bəhrələnən qəzetlərə nisbətən daha çox yanlışlığa yol verirlər.
Subyektiv səbəb:
1. Özəl yazı, informasiya və müəllif köşələrində ədəbi dilə aşırı laqeydlik özünü göstərir;
2. Əcnəbi sözlərin yazılışına redaksiyanın ayrı-ayrı əməkdaşlarının yanaşması fərqlidir və bəzən bir söz və ya ifadənin qəzetin eyni sayında 2 və ya daha artıq formada yazılması müşahidə olunur.
3. Redaktorlar ədəbi dil normalarından daha çox, öz fərdi mülahizələri ilə yazıları redaktə edirlər.


Bilərəkdən işlənən əcnəbi sözlər

Monitorinq zamanı heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunduğu müəyyənləşib. Müəlliflərin bilərəkdən istifadə etdikləri bu əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla dil normalarına "uyğunlaşdırılır".
Məsələn:

1) «Şapka» - «Yeni Müsavat» qəzeti, 19 iyun
2) «JEK» - «Yeni Müsavat» qəzeti, 19 iyun
3) KQB "sukası" - «Yeni Müsavat» qəzeti, 19 iyun
4) «Sovetski» - "Azadlıq" qəzeti, 19 iyun
5) «Bandotdel» - "Azadlıq" qəzeti, 19 iyun
6) «Konfrantasiya» - "Bizim yol" qəzeti, 19 iyun
7) «Moşennik» - «Bizim yol» qəzeti, 19 iyun
8) «Nastoyaşi» - «525-ci qəzet, 20 iyun
9) "Prikaz" - "Bizim yol" qəzeti, 20 iyun
10) "Tülpan" - "Yeni Müsavat", 27 iyun
11) "Torqovı" - "Yeni Müsavat", 28 iyun
12) "Profloktoriyalar" - "Azadlıq" qəzeti, 29 iyun
və s.

Bilməyərəkdən işlənən əcnəbi sözlər

Belə söz və ifadələr mətbuatda o qədər çox deyil. Ancaq təəssüf ki, bəzən daha əhatəli qarşılığının olmasına baxmayaraq, bu yad sözlərin dilin lüğət tərkibinə zorla daxil edilməsinə cəhd göstərilir. Məsələn:

1. Maxinasiya - "Yeni Müsavat" qəzeti, 27 iyun; "Azadlıq" qəzeti - 29 iyun.
2. Resepşin - "Yeni Müsavat" qəzeti, 27 iyun
3. Tounhaus (istirahət evi) - "Yeni Müsavat" qəzeti, 27 iyun
və s.


Fərqli formada yazılan sözlər

Bir çox hallarda dil norması ilə tənzimlənən və "Orfoqrafiya lüğəti"ndə qeydə alınan sözlərin fərqli yazılış formalarına rast gəlmək olur. Xatırladaq ki, belə yanlışlıqlar texniki səhv deyil, fərqli yanaşmaların təzahürüdür və bu da ciddi orfoqrafik problem yaradır. Məsələn:
1. Tel-Əviv - "Ekspress" qəzeti, 19 iyun
2. Diaspora - "Azadlıq" qəzeti, 28 iyun
3. Aliminium - "Şərq" qəzeti, 20 iyun
və s.

Xüsusiləşmiş isimlərin yazılışı

Bir qayda olaraq mətbuatda xarici mətbuat, şirkət, hətta şəxs adlarının orijinalda olduğu kimi yazılması ənənə halını alıb. Məsələn:
1. Evrovizion
2. The Washington Post
3. The Hyu York Times
4. New Economic Foundation
5. WikiLeaks
6. Wikipedia
7. Mercedes
8. Skupe
və s.

Ancaq bu qaydanın tətbiqində heç bir ümumi prinsip gözlənilmir. Yəni yalnız ingilis dilinə aid olan xüsusiləşmiş isimlərdə "orijinalı olduğu kimi saxlamaq" meyli özünü göstərir, digər beynəlxalq dillərdə olan xüsusiləşmiş isimlər isə Azərbaycan ədəbi dilinin normalarına uyğunlaşdırılır.
Yeganə istisna yalnız "525-ci qəzet"dədir. "525-ci qəzet", əsasən, bütün əcnəbi xüsusiləşmiş isimlərin yazılışında eyni qaydanı tətbiq etməyə çalışmaqla ədəbi dil normalarına riayət edir. Məsələn, "Mersedes", "Vikipediya" və s.
Qeyd edək ki, "orijinalı olduğu kimi qorumaq" istəyi bəzən mətbuatımızda anlaşılmaz cümlələrin meydana çıxmasına səbəb olur. Məsələn:
"Knight Mozilla MIT" seminarında istifadəyə verilmiş "NewsDiffs" hələlik "The New York Times", "Politico" və CNN-i izləyir ("Ekspress" qəzeti, 21 iyun)

Monitorinq Qrupunun qənaəti

2010-cu ilin sentyabr ayında ədəbi dil qaydalarına riayətlə bağlı mətbuatda anoloji müşahidə aparan Monitorinq Qrupu hesab edir ki, aradan keçən 2 ilə yaxın müddət ərzində əcnəbi sözlərdən istifadə əhəmiyyətli şəkildə azalıb. Lakin yeni sözlərin alınmasında və işlədilməsində qaydasızlıq və dil prinsiplərindən uzaqlaşma daha da artıb.
Səbəbləri:
1. Texnologiyaların sürətli inkişafı, sərhədlərin şəffaflaşması və mədəni-siyasi əlaqələrin genişlənməsi dili daimi təzyiq altında saxlayır. Belə məqamda Terminologiya Komitəsinin və dilçi alimlərin çevik reaksiyası olmadıqda, dilin genişlənməsi və inkişafında xüsusi rol oynayan media mənsubları öz fərdi yanaşmalarından başqa heç bir vasitə görmürlər. Nəticədə, alınma sözlərin yazılışında ciddi fərqlər meydana çıxır.
2. Hazırkı inkişaf müasir qrammatik prinsiplər üstündə formalaşan dillərdə orfoqrafiya lüğətinin vaxtaşırı olaraq yenilənməsini tələb edir. "Azərbaycanın Dövlət Dili haqqında" Qanuna görə də "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ən geci 5 ildən bir tərtib olunmalı və ictimaiyyətə təqdim edilməlidir. Amma 2004-cü ildən bu vaxta qədər yeni "Orfoqrafiya lüğəti" istifadəyə verilməyib.
3. Media mənsubları mövcud lüğətlərdən istifadə etmir və dil normalarına laqeyd yanaşır.

Qeyd: Monitorinq zamanı qəzetlərin yol verdiyi texniki səhvlər nəzərə alınmayıb.

1-7-2012