MEDİADA » YAZILAR

Azərbaycan dilində işlənən bəzi alınma sözlərin və terminlərin, eləcə də xüsusi adların necə yazılması məsələsi ən aktual problemlərdəndir. Məsələn, “WhatsApp", "Skype", "Wikipedia", "WikiLeaks", "Twitter", “Office”, “Microsoft”, “Outlook”, “Excel” kimi sözlərin yazılışında fərqli variantlar müşahidə olunur. Bu da təbiidir, çünki hazırda bu cür alınmalarla bağlı vahid norma prinsipləri müəyyən edilməyib.

Bu sözlərin yazılış forması seçilərkən səslənmə və əvvəlki illərdə dilimizə daxil olan Avropa mənşəli terminlərin yazılış, tələffüz ənənəsi nəzərə alınmalıdır: "w", “wh", "y" (vai), "c" (si), "a" (ey), "q" (kyu), "g" (ci) və s. hərf və hərf birləşmələrinin dilə axını yazıda invariantlılığa və hərc-mərcliyə səbəb olur. Artıq hər birimiz bu acı reallığın şahidləri, daha doğrusu, seyrçiləriyik. İstənilən halda alınma sözlərə nəzarət olmalıdır. Bu kimi məsələlər orfoqrafiya lüğətində əksini tapmayıb, bu da təkcə problemin mürəkkəbliyi ilə bağlı deyil.

Hər bir alınma söz dilimizin tələblərinə, imkanlarına uyğun olaraq yazılmalı və tələffüz edilməlidir. Söhbət hansısa terminlərin “toxunulmazlıq statusu”ndan getmir. Dil üçün ya bir qayda, ya da istisna qaydalar var. Məsələn, whatsapp - proqram təminatı ilə bağlı termindir. Bəzən bu sözün vatçap/votçap şəkilində yazılışına və deyilişinə də rast gəlirik. Burada ç səsini yaradan ts hərf birləşməsidir, əslində isə termin whats və app sözlərinin birləşməsindən yaranıb. Odur ki, bu sözü vats-ap şəklində yaza və deyə bilərik. Ümumiyyətlə, alınma sözü əslinə uyğun yazmaqla yazıya əlavə hərflər, işarələr gətirmək dilin qayda-qanunlarına qarşı çıxmaq, dili urvatdan salmaqdan başqa bir şey deyil.