“Biz nə gəldi, onu götürürük” - İTV-də debat
MEDİADA » XƏBƏRLƏR

“Biz nə gəldi, onu götürürük” - İTV-də debat

Ötən gün İctimai Televiziyada yayımlanan “Müzakirə vaxtı” verilişində Azərbaycan dilinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tanınmış aparıcı Vəsilə Vahidqızının təqdimatında keçirilən müzakirədə Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı və akademik Nizami Cəfərov iştirak edib.

Müasir dövrdə dilimizə sürətlə əcnəbi sözlərin daxil olduğunu deyən Sabir Rüstəmxanlı bunun tənzimlənmə formalarından danışıb:

“Beynəlxalq aləmdə qəbul olunmuş elə sözlər var ki, onlar dilə daxil olunmalıdır. Bunun qarşısını almaq mümkün deyil. Ona görə ki, həmin əşya bizdə yoxdur. Xaricdən gəlir və özü ilə bərbər adını gətirir. Bəzi ölkələr var ki, sözü dəyişir. Bu, çevik yanaşmadır. Amma tənbəl yanaşma da var. Mən özümüzü tənbəllər sırasına aid edirəm. Biz elə nə gəldi, onu götürməyə vərdiş etmişik.

Məsələn, ən təmiz sahələrdən biri təhsil sahəsidir. Bu sahədə beynəlxalq aləmdən gələn bir sıra sözlər var. Məsələn, “akkreditasiya”, “distant təhsil”, “informal təhsil”, “innovasiya”, “kampus”, “rezidentura”, “eksternat təhsil”, “kurikulum” və s. Göründüyü kimi, bir təhsil haqqında qanunda 30 əcnəbi söz var”.

S.Rüstəmxanlının sözlərinə görə, dilin zənginləşmə yolları axtarılmalıdır:

“Dilimizin gələcəyi baxımından biz üzümüzü yalnız Avropaya çevirməli deyilik. Dilin zənginləşmə yollarını axtarıb tapmalıyıq. Bu cəhətdən bizə qohum olan xalqların sözlərindən istifadə etməliyik. Ortaq terminoloji komitənin yaradılması da bu cəhətdən çox yaxşı olardı.

Dilimiz həm mühafizəkar, həm də kifayət qədər güclü qrammatikası olan bir dildir. Sözlər hər gün dəyişmir. Ona görə də orfoqrafiyanın tez-tez dəyişməsinə ehtiyac yoxdur. Dil Qurumu olaraq bizim saytımız (adq.az) var. Bu saytda dilimizin həm izahlı, həm də orfoqrafik lüğəti var. Kim istəyirsə, yararlana bilər”.

Professor Nizami Cəfərov isə qanunvericilikdə bəzi boşluqların olduğunu qeyd edib. Onun sözlərinə görə, hüquq terminləri olduqca mürəkkəbdir:

“Belə problemlərin aradan qaldırılması üçün cəmiyyətdə tədqiqat aparılmalıdır. “İnvestisiya” sözünün əvəzinə xeyli söz təklif olunub. Amma heç biri işləmədi. Bura “yatırım” sözünü də əlavə etmək olar. Ümumiyyətlə kənardan gələn sözün qarşılığını dəqiqliklə verəcək söz olmur. “Kompüter”ə “bilgisayar” desək də, bu söz onun tam mənasını ifadə edə bilmir.

Rəsmi üslubumuz yaxşı vəziyyətdə deyil. Məhkəmə qərarlarımızı ittiham olunan oxuyur, amma başa düşmür ki, nəyin üstündə həbs olunub. Özü bilir, amma mətni oxuyanda bunu başa düşmür”.

Müzakirəni tam formada videodan izləmək mümkündür... 

 

VİDEO

13-1-2016