ADQ “İzahlı lüğəti” proqramlaşdırdı
MEDİADA » XƏBƏRLƏR

ADQ “İzahlı lüğəti” proqramlaşdırdı

“Azərbaycan dilinin izahlı lüğəti” onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.

Azərbaycan Dil Qurumu İctimai Birliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə 3 aydan da az vaxta tamamlanıb. İstifadəçilər ADQ-nin www.adq.az saytına daxil olmaqla, ana səhifədəki pəncərədə “Azərbaycan dilinin izahlı lüğəti”ndə olan istənilən sözü yazmaqla, izahını “göstər”in üstünə tıklamaqla əldə edə bilərlər.

Xatırladaq ki, www.adq.az saytında “Orfoqrafiya lüğəti” də onlayn axtarış sistemində fəaliyyət göstərir. Axtarış sistemində proqramlaşdırılan lüğət 2004-cü il nəşridir. 2013-cü il nəşri qüsurlu olduğundan və hazırda AMEA-nın Dilçilik İnstitutu lüğətin təkmilləşdirilməsi yönündə işlər apardığından, son nəşr proqramlaşdırılmayıb. Buna baxmayaraq, sonuncu – 2013-cü il nəşrinin PDF variantı da internet istifadəçilərinə təqdim edilib.

Saytda həmçinin “Azərbaycan dilinin izahlı lüğəti”nin (4 cilddə) də PDF variantı var və istənilən istifadəçi heç bir ödəniş etmədən onu öz bilgisayarına yükləyə bilər.


“Azərbaycan dilinin izahlı lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin axtarış sisteminə daxil edilməsi jurnalistlər, nəşriyyat işçiləri, tələbə və müəllimlər, ümumiyyətlə, söz adamlarının işini asanlaşdırmaq və ana dilimizdəki sözlərdən düzgün, yerində istifadə etməyə yardım məqsədi daşıyır.

ADQ bu yöndə çalışmalarını davam etdirir.
 

23-11-2015